ABŞ Prezidenti Donald Trampın administrasiyasının İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan 40 min bomba satmağa hazırlaşdığı bildirilir.
“Washington Post” qəzetinin adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, satış paketinə hər biri təxminən 1 ton ağırlığında 20 min MK-84 və 20 min BLU-117 bombası daxildir.
Bundan başqa, eyni paket çərçivəsində 20 min I-2000 Penetrator döyüş başlığının satışına da təsdiq verilməsi gözlənilir.
Məlumata əsasən, silah satışına dair ABŞ Konqresinə qeyri-rəsmi bildiriş göndərilib. Yaxın zamanda isə bununla bağlı rəsmi bildirişin təqdim edilməsi planlaşdırılır.
“Washington Post” yazır ki, sövdələşmə baş tutacağı təqdirdə, bu, son illərdə həyata keçirilən ən böyük birdəfəlik silah satışlarından biri olacaq.
Qəzetin məlumatına görə, xüsusilə MK-84 bombaları yüksək dağıdıcı gücə malikdir. Bu tip bombalardan İsrailin Qəzza zolağında dəfələrlə istifadə etdiyi bildirilir. MK-84 bombalarının partlayış zamanı metal qəlpələri geniş əraziyə yaydığı, metal və qalın beton konstruksiyalara nüfuz edə bildiyi, həmçinin böyük kraterlər yaratdığı qeyd olunur.
Adı açıqlanmayan digər ABŞ rəsmisi isə mümkün satışla bağlı bildirib ki, bütün xarici silah satışları müvafiq prosedurlardan keçir.
“Hələ yekunlaşdırılmamış satışlar barədə şərh vermirik”, – deyə ABŞ rəsmisi bildirib.
