ABŞ-də 2009-cu ildə hərbi bazada 13 nəfərin ölümünə səbəb olan hücuma görə ölüm hökmünə məhkum edilmiş keçmiş hərbçinin edamı ictimaiyyətə canlı yayımlanacaq. Bu qərar ölkədə təxminən 90 ildən sonra ictimai edam məsələsini yenidən gündəmə gətirib.
Xəbəraxını xəbər verir ki, “Reuters” və “Associated Press” agentliklərinin məlumatına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset keçmiş ordu psixiatrı Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edamının ictimaiyyətə açıq olacağını bildirib. Pentaqon rəsmisi oktyabrın 8-də edamın canlı yayımlanacağını da təsdiqləyib.
Məlumata əsasən, edamın 2026-cı il dekabrın 3-də Texas ştatındakı Fort Hud hərbi bazasında həyata keçirilməsi planlaşdırılır. Həsənin 2009-cu ildə hücumu törətdiyi bazada baş tutacaq edamın yerli vaxtla saat 13:00-da keçirilməsi nəzərdə tutulur.
Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort Hud bazasında silahlı hücum törədib. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Həmin vaxt ABŞ ordusunda mayor rütbəsində xidmət edən Həsən 2013-cü ildə hərbi tribunal tərəfindən ölüm hökmünə məhkum edilib.
Hücum zamanı aldığı güllə yaraları nəticəsində qismən iflic olan Həsənin edamı ABŞ hərbi tarixində də diqqətçəkən hadisə olacaq. Bu, 1961-ci ildən bəri ABŞ ordusunda ilk hərbi edam, 1945-ci ildən bəri isə hərbçinin güllələnmə dəstəsi tərəfindən edam edilməsinin ilk nümunəsi olacaq.
ABŞ-də son qanuni ictimai edam 1936-cı ildə Kentukki ştatında həyata keçirilib. Reyni Beteanın asılmasını minlərlə insan izləyib. Həmin vaxtdan bəri edamlar ictimaiyyətin birbaşa izləməsi üçün təşkil edilməyib.
Pentaqonun son qərarı ölüm cəzasının tətbiqi, edamların ictimaiyyətə nümayiş etdirilməsi və belə görüntülərin canlı yayımının etik tərəfləri ilə bağlı müzakirələri yenidən alovlandırıb.
