Keniyada əksəriyyəti uşaqlar olmaqla 191 nəfərin ölümündə təqsirli bilinən “Good News International Church” adlı dini təriqətin rəhbəri Pol Makkenzi 200 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, hökm noyabrın 6-da Mombasa şəhər məhkəməsində elan olunub. İş üzrə təqsirləndirilən 20-dən çox digər şəxs barəsində də qərar çıxarılıb.
Məhkəmə prosesi Keniyanın cənub-şərqində yerləşən Şakahola meşəsində təriqət üzvlərinin kütləvi şəkildə ölməsi ilə bağlı aparılıb. İttiham tərəfi məhkəmədə 120-dən çox şahidin ifadəsini təqdim edib.
İstintaq materiallarına əsasən, Pol Makkenzi təriqət üzvlərini “İsa ilə görüşmək” məqsədilə qidadan və tibbi yardımdan imtina etməyə təşviq edib. Onun təsiri altında valideynlərin də uşaqlarını aclığa məcbur etdiyi və bunun nəticəsində çoxsaylı azyaşlının həyatını itirdiyi müəyyən edilib.
Şakahola meşəsində kütləvi məzarlıqlar 2023-cü ilin aprelində aşkarlanıb. Ərazidə 400-dən çox insana məxsus qalıqlar tapılıb. Təqsirini qəbul etməyən Makkenzi həmin vaxt saxlanılıb.
Qeyd edək ki, qətl ittihamlarından əlavə, təriqət liderinə qarşı terrorçuluq və ehtiyatsızlıqdan adam öldürmə ittihamları da irəli sürülüb.
