Bakıda qonşusunu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Xəbəraxını xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə Ceyhun Babayev barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. İş üzrə növbəti iclas noyabrın 17-nə təyin olunub.
İttihamın təfərrüatlarına gəlincə, hadisə 2026-cı il iyulun 11-də Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan 45 yaşlı Xalid Bağırovun çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
İstintaq materiallarına əsasən, Xalid Bağırov evlərdən birinə internet kabeli çəkərkən kabel qırıntılarının küçəyə düşməsi qonşusu Ceyhun Babayevin narazılığına səbəb olub. Tərəflər arasında yaranan mübahisədən sonra Babayevin qonşusunun evinə daxil olaraq ona çoxsaylı bıçaq zərbələri endirdiyi bildirilir.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Xalid Bağırovun bədənində 36 bıçaq xəsarəti aşkarlanıb.
Ceyhun Babayevə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
