Deputat Əli Məsimli heyvandarlıq sahəsində uçot qaydalarına ediləcək dəyişikliklərin mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edib. O, bəzi ölkələrin təcrübəsində buraxılan səhvlərin Azərbaycanda təkrarlanmamasının vacibliyini vurğulayıb.
Xəbəraxını xəbər verir ki, deputat bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir sıra qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.
Əli Məsimli bildirib ki, heyvanların, yun və barama kimi məhsulların uçota alınması ilə bağlı yayılan məlumatlar diqqətlə qiymətləndirilməlidir.
Deputatın fikrincə, bu dəyişikliklər düzgün nəzərə alınmadığı təqdirdə gələcəkdə heyvandarlıq sahəsində ciddi problemlər yarana, ətin qiyməti isə əhalinin alıcılıq qabiliyyətinə uyğun olmayan səviyyəyə yüksələ bilər.
O qeyd edib ki, çörək və ət Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutur. Bu məhsulların bahalaşması digər ərzaqların qiymətinə də təsir göstərə bilər.
Ə.Məsimli məsələyə ehtiyatla yanaşmağı, qərar qəbul edilərkən digər ölkələrin təcrübəsinin ətraflı öyrənilməsini vacib sayıb.
