“Azərsu” ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynovun idarəçiliyi dövründə dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbəraxını xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində həmin dövrdə yol verilmiş qanun pozuntuları üzə çıxarılıb.
Məlumata görə, mənimsəmə faktı ilə bağlı bir nəfər sabiq vəzifəli şəxsə artıq yekun ittiham elan edilib. Qorxmaz Hüseynov və digər şəxslərlə bağlı cinayət işi isə ayrıca icraata ayrılıb. Həmin dövrdə müqavilələri imzalayan İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov barəsində cinayət təqibi davam edir.
Qeyd olunur ki, dövlətə dəymiş ziyanın ödənilməsi üçün şəxslərə müvafiq imkan yaradılır. Zərər könüllü şəkildə ödənilmədikdə isə cinayət məsuliyyəti məsələsinə baxılır və iş məhkəməyə göndərilir.
Xatırladaq ki, Qorxmaz Hüseynov 2011–2021-ci illərdə “Azərsu” ASC-nin sədri vəzifəsində çalışıb.
Bundan əvvəl həmin cinayət işi üzrə qurumun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində olan iş məhkəməyə göndərilib. Səday Əliyev adı çəkilən şəxslərlə əlbir olaraq dövlətə 3 milyon manat ziyan vurmaqda ittiham olunur. Digər şəxslər isə həmin iş üzrə şahid qismində dindirilib və məhkəmədə də şahid kimi ifadə verə bilərlər.
Məhkəmənin hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini bildirib. O, iki dəfə məhkəmə qərarı ilə işə bərpa olunduğunu, sonuncu qərarın isə 16 aydır icra edilmədiyini deyib. Sabiq departament rəhbəri hazırkı ittihamın məhz bu səbəbdən irəli sürüldüyünü iddia edib.
