Şəkidə iki nəfərin ölümünə səbəb olan kanat faciəsi: İstirahət mərkəzinin rəhbəri və tikintini aparan şəxs həbs edildi

Şəkidə iki nəfərin ölümünə səbəb olan kanat faciəsi: İstirahət mərkəzinin rəhbəri və tikintini aparan şəxs həbs edildi

Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də istirahət mərkəzinin ərazisində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün şahidlər dindirilib, müxtəlif ekspertizalar keçirilib və zəruri istintaq tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, istirahət mərkəzinin sahibi Ramiz Hüseynov müəssisəni idarə etdiyi müddətdə üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib. Onun səhlənkarlığının iki nəfərin ölümünə səbəb olması ilə bağlı əsaslı şübhələr yaranıb.

İstintaqla, həmçinin məlum olub ki, “Zipline” kanat yolu üçün nəzərdə tutulan qüllənin tikintisi müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi şəkildə həvalə edilib. Qüllənin Ramiz Hüseynovun rəhbərliyi və birbaşa göstərişləri ilə qanunsuz inşa olunduğu müəyyənləşdirilib.

Prokurorluğun məlumatına əsasən, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması kanatlarda dalğalanmaya səbəb olub. Nəticədə sürüşmə üçün nəzərdə tutulan əsas “zipline” qurğusu kanatdan çıxıb. Kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən qurğunun parça hissəsi də cırılıb.

Baş verən hadisə nəticəsində kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Cinayət işi üzrə ittihamlar yenidən tövsif edilib. Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü maddəsi, Abasət Paşayev isə 124.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlara müvafiq ittihamlar elan edilib.

Şəki Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisə ilə bağlı ibtidai istintaq davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir