Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Dadaş Balakişi oğlu Dadaşzadənin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. O, istintaqdan yayınaraq beynəlxalq axtarışa verilmişdi.
Xəbəraxını APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə müraciəti və beynəlxalq prosedurlara uyğun zəruri sənədləri təqdim etməsindən sonra aparılan danışıqlar nəticəsində ekstradisiya məsələsi razılaşdırılıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Lakin istintaqdan yayınaraq gizləndiyinə görə Dadaşzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Həyata keçirilən tədbirlər nəticəsində o, Monteneqroda müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, ekstradisiya ilə bağlı razılığın əldə olunması onun Azərbaycana təhvil verilməsi prosesinin həyata keçirilməsinə imkan yaradır.
