İpoteka kreditlərində qaydalar dəyişdi

İpoteka kreditlərində qaydalar dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Yeniliklər daha çox vətəndaşın mənzil sahibi olmaq imkanlarından yararlanmasına, müraciət prosesinin şəffaflaşdırılmasına və mümkün sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.

Xəbəraxını xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) məlumat yayıb.

Fondun bildirdiyinə görə, 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsi həyata keçirilir. İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

Əsas dəyişikliklər nələrdir?

Yeni qaydalara əsasən, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində Fondla qüvvədə olan kirayə müqaviləsi bağlamamış şəxs əsas borcalan kimi ipoteka krediti əldə edə biləcək. Bu yenilik mənzil almaq istəyən vətəndaşlar üçün əlavə imkan yaradır.

Digər mühüm yenilik ipoteka kreditinə müraciət zamanı rəqəmsal identifikasiya ilə bağlıdır. Fondun təşəbbüsü ilə müraciətlərin təsdiqlənməsində SİMA rəqəmsal imzanın üz tanıma texnologiyasından istifadə ediləcək.

Yeni sistem vasitəsilə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər. Bu addım müraciət prosesinin təhlükəsizliyini və şəffaflığını artırmağa, kənar müdaxilə risklərini və xüsusi proqram təminatlarından sui-istifadə hallarını azaltmağa xidmət edəcək.

İpoteka kreditinə müraciətlə bağlı təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.

Əlavə məlumat almaq istəyən vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun 1549 çağrı mərkəzinə müraciət edə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir