Könül Həmzəyevadan məhkəmədə şok iddialar: “Məni şantaj etməyə başladı”

Könül Həmzəyevadan məhkəmədə şok iddialar: “Məni şantaj etməyə başladı”

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Xəbəraxını xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Könül Həmzəyeva dindirilib.

Həmzəyeva təqsirləndirilən şəxsə verdiyi pulların borc olmadığını, ona göstərdiyi etimaddan sui-istifadə edildiyini bildirib. Onun sözlərinə görə, Röyal Masiyevə inandığı üçün verdiyi məbləğlərə dair qəbz almayıb.

Zərərçəkmiş məhkəmədə deyib ki, Masiyev hər dəfə ona pulunun itməyəcəyinə dair vədlər verib. Lakin onun iddiasına əsasən, yalanlar üzə çıxdıqdan və pulunu tələb etməyə başladıqdan sonra qarşı tərəf onu şantaj etməyə çalışıb.

Könül Həmzəyeva bildirib ki, təqsirləndirilən şəxs onu jurnalistlərlə hədələyib və “Səninlə mən yox, on nəfər vəkilim danışacaq” ifadəsini işlədib.

O, həmçinin 14 min 800 dollar dəyərində saatının da Masiyev tərəfindən götürüldüyünü iddia edib. Həmzəyevanın sözlərinə görə, saatın pulunun ödəniləcəyi bildirilsə də, vəd yerinə yetirilməyib. Zərərçəkmiş iddia edir ki, həmin saat sonradan satılıb, əldə edilən vəsaitlə isə Masiyevin həyat yoldaşına avtomobil və bahalı çanta alınıb.

Həmzəyeva problemlərin ona qaytarılacağı vəd edilən pulların ödənilməməsindən sonra yarandığını qeyd edib.

Növbəti məhkəmə iclası noyabrın 17-də saat 09:00-a təyin olunub.

Qeyd edək ki, Könül Həmzəyeva Röyal Ələddin oğlu Masiyevə salonun təmiri üçün pul verdiyini, lakin sonradan onun tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. Zərərçəkmiş qarşı tərəfin ona 300 min 706 manat ödəməli olduğunu, lakin bu öhdəlikdən yayındığını bildirir. Bununla əlaqədar Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə cinayət işi başlanıb. Röyal Masiyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir