Bakıda və Abşeron rayonunda aparılan təmir işləri ilə əlaqədar yeddi müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri nəqliyyatın hərəkətinə məhdudiyyət yaradıb. Bu səbəbdən 147 və 179 nömrəli avtobus marşrutlarının istiqaməti dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli marşrut üzrə avtobuslar isə Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələrindən istifadə edəcəklər.
Bundan başqa, Bakının Suraxanı rayonunda, Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri daha beş marşrutun hərəkət sxeminə təsir edib.
Dəyişikliyə əsasən, 106, 141, 168 və 169 nömrəli marşrutların avtobusları Heydər Əliyev prospekti ilə, 214A nömrəli marşrutun avtobusları isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.
Sərnişinlərə səfərlərini planlaşdırarkən marşrutlardakı müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.
