Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı diqqətçəkən məlumat yayılıb. Hadisədə qətli törətməkdə şübhəli bilinən Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu, digər oğlu Orxan Əlizadənin isə Xətai Rayon Məhkəməsinin hakimi olduğu bildirilir.
Xəbəraxını xəbər verir ki, məsələ ilə bağlı hüquqi sual yaranır: bir şəxsin cinayət törətməkdə şübhəli bilinməsi onun deputat atasının mandatına və hakim qardaşının vəzifəsinə təsir edə bilərmi?
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi Milli Məclis deputatlarının toxunulmazlığını tənzimləyir. Həmin maddəyə əsasən, deputat səlahiyyət müddətində, cinayət başında yaxalanma halları istisna olmaqla, cinayət məsuliyyətinə cəlb edilə və tutula bilməz. Deputatın toxunulmazlığına isə yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada, Baş prokurorun təqdimatı əsasında Milli Məclis tərəfindən xitam verilə bilər.
Hakimlərin səlahiyyətlərinə xitam verilməsi məsələsi isə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 113-cü maddəsi ilə tənzimlənir. Bu maddədə hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları sadalanır. Həmin əsaslara, o cümlədən, qanunvericiliyin tələblərinin kobud şəkildə dəfələrlə pozulması, tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmaq və qanunda nəzərdə tutulan digər hallar daxildir.
Beləliklə, qanunvericiliyə əsasən, bir şəxsin cinayət törətməkdə şübhəli bilinməsi və ya cinayətə görə məsuliyyət daşıması öz-özlüyündə onun atasının deputat mandatını və qardaşının hakim vəzifəsini itirməsi üçün əsas hesab edilmir.
