Azərbaycanda magistratura və doktorantura təhsilini başa vuran zabitlərin hərbi rütbədə olma müddətinin azaldılması təklif edilir. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.
Xəbəraxını xəbər verir ki, məsələ oktyabrın 23-də parlamentin iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliklər hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, həmçinin zabitlərin əlavə ali təhsil almasını və elmi fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.
Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarının sifarişi ilə magistratura və ya rezidentura təhsilini bitirən, eləcə də doktoranturada təhsilini başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərin hərbi rütbədə olma müddəti hər təhsil səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldıla bilər.
Bundan başqa, “leytenant” hərbi rütbəsində olma müddəti ilə bağlı qaydalara da dəyişiklik təklif olunur. Beşillik təhsil proqramı üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları üçün bu müddətin iki il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün isə bir il müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təkliflər qanunvericiliyə dəyişiklik layihəsində əksini tapıb və birinci oxunuşda təsdiqlənib.
