Bu haker qrupu Azərbaycanda 100-dən çox dövlət domeninə kiberhücum etdiyini açıqladı

Bu haker qrupu Azərbaycanda 100-dən çox dövlət domeninə kiberhücum etdiyini açıqladı

Azərbaycanda dövlət qurumlarının internet resurslarını hədəf alan genişmiqyaslı kiberhücumla bağlı yeni məlumat yayılıb. İranpərəst olduğu bildirilən haker qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbəraxını xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, İraqda fəaliyyət göstərdiyi ehtimal edilən “313 Team” haker qruplaşması özünün “Telegram” kanalında hücum barədə açıqlama yayıb. Qruplaşma kiberhücumun gücünün saniyədə 2,5 terabiti keçdiyini iddia edib.

Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daha əvvəl Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücumlar qeydə alındığını açıqlamışdı. Hücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarında fasilələr yaranmışdı.

Qurumun məlumatına əsasən, görülən texniki tədbirlər nəticəsində hücumun təsirləri məhdudlaşdırılıb və dövlət saytlarının sabit fəaliyyəti təmin edilib.

“HawkEye” kibertəhlükəsizlik şirkətinin 2026-cı ilin martında yaydığı məlumata görə, “313 Team” “313 Team Hack Team” və ya “İslam kibermüqaviməti” adı ilə də tanınır. Qruplaşmanın İranla və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə mümkün əlaqələrinin olduğu ehtimal edilir.

Qeyd edək ki, haker qruplaşmasının hücuma görə məsuliyyəti üzərinə götürməsi bu iddianın müstəqil şəkildə təsdiqləndiyi anlamına gəlmir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir