Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıya səfər edəcək. O, Azərbaycan paytaxtında keçiriləcək beynəlxalq sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Xəbəraxını xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM) Dövlət və Hökumət Başçıları Şurasının VII iclasında iştirak edəcək.
Məlumata görə, Türkiyənin xarici işlər naziri zirvə görüşündə çıxış edəcək və tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcək.
Sammitdə yekun sənəd kimi “Bakı Bəyannaməsi”nin, eləcə də əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyannamənin qəbul edilməsi gözlənilir. Həmçinin Laosun AQEM-ə yeni üzv kimi qəbul olunmasının elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədbir Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizlik və qarşılıqlı etimad məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyır.
