Lənkəranda qadın və onun azyaşlı oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı saxlanılıb.
Xəbəraxını xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Məlumata görə, 29 yaşlı Rəvanə Nicat qızı Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirilib.
Hadisə zamanı evdə olan 2023-cü il təvəllüdlü oğlu qorxaraq anasının qucağına sığınıb. Bu zaman bıçaq zərbələrindən üçü uşağa dəyib.
Ağır xəsarətlər alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirildiyi, qadının isə əməliyyata alındığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailənin həmin ünvanda kirayə yaşadığı bildirilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
