Bu gün — oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “44” bədii filminin təqdimatı baş tutacaq.
Xəbəraxını xəbər verir ki, ekran əsəri Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi şücaətə həsr olunub. Layihənin əsas məqsədlərindən biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına dəstək vermək və tarixi yaddaşı qorumaqdır.
Bir kursantın baxış bucağından təqdim edilən film qəhrəmanlıq və məhəbbət mövzularını bir araya gətirir. Süjetdə Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilovun, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmirin və xüsusi təyinatlı dəstənin komandiri, polkovnik Ramazan Kərimovun hekayələri yer alır. Ekran əsərində sevgi münasibətləri və şəxsi sınaqlarla yanaşı, hərbi əməliyyatlar da təsvir olunur.
Filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari Anar Ələkbərova məxsusdur. Bakı Media Mərkəzinin istehsalı olan layihə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.
Çəkilişlər Bakı və Abşeronla yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
Qeyd edək ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib.
