Səudiyyə Ərəbistanında bir həftə ərzində beş hava limanına 10 hücum qeydə alınıb. Hadisələr nəticəsində 19 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Hücumların əsas hədəflərindən biri paytaxt Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı olub. Təhlükəsizlik insidentləri səbəbindən burada uçuşlar müvəqqəti dayandırılıb.
Ərəb Koalisiyasının məlumatına görə, son hücum zamanı hava limanının 4-cü terminalındakı sərnişin zalına naməlum mərmi düşüb və yanğın baş verib. Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi hadisə nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.
Məlumata əsasən, hücumlarda ölənlər arasında Səudiyyə Ərəbistanı, Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları var.
Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı da iki dəfə hücuma məruz qalıb. Bundan başqa, Əbha, Cəzan və Nəcran şəhərlərindəki hava limanlarına da zərbələr endirilib. Əbha hava limanına hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşları olmaqla iki nəfər ölüb, 28 nəfər yaralanıb.
Hazırda hava limanlarına dəymiş ziyanın miqyası qiymətləndirilir, obyektlərin təhlükəsizliyinin yoxlanılması istiqamətində tədbirlər görülür.
