Polşada məktəbdə şagird xadiməni öldürdü

Polşada məktəbdə şagird xadiməni öldürdü

Polşanın Mazovetski voyevodalığında məktəbdə bıçaqlı hücum baş verib. Hadisə nəticəsində 37 yaşlı məktəb xadiməsi həyatını itirib, daha iki əməkdaş yaralanıb.

Xəbəraxını xəbər verir ki, hadisə Vışkuv şəhəri yaxınlığındakı Leşçidul-Novinı yaşayış məntəqəsində yerləşən ibtidai məktəbdə qeydə alınıb. Hücumu 15 yaşlı, əvvəllər həmin məktəbdə təhsil almış yeniyetmənin törətdiyi bildirilir.

Məlumata görə, yeniyetmə ilk olaraq xadiməyə hücum edib. Məktəbin direktoru və hadisəyə müdaxilə edən müəllim hücumçunu zərərsizləşdirməyə çalışıblar. Bu zaman onların hər ikisi bıçaq xəsarəti alıb.

Ağır yaralanan 37 yaşlı xadiməyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hücum edən 15 yaşlı şübhəli saxlanılıb. Hadisənin motivi hələlik məlum deyil.

Qeyd edək ki, bu, Polşada son iki gün ərzində məktəbdə baş verən ikinci ciddi bıçaqlı hücumdur. Oktyabrın 7-də Ostrolekada yerləşən peşə məktəbində 19 yaşlı tələbənin hücumu nəticəsində 10 nəfər xəsarət almışdı.

Polşa hakimiyyəti son hadisələrdən sonra məktəblərin ətrafında polis patrullarının gücləndirilməsi barədə qərar verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir