İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənəcək. Dəyişikliklərin əsas məqsədi sakinlərin gündəlik gediş-gəlişini rahatlaşdırmaq, artıq yürüş məsafəsini azaltmaq, Qoşa Qala meydanında mobilliyi artırmaq və təhlükəsizliyi təmin etməkdir.
Yeni sxemə əsasən, oktyabrın 15-dən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılacaq və ərazi piyadaların istifadəsinə veriləcək.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Dəyişikliklər çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılacaq. Bu istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək.
M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa — Qoşa Qala qapıları çıxışına, sola dönənlər isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.
Bundan başqa, qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili üçün yeni qaydalar tətbiq olunacaq. Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə məxsus nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişinə Səftər Quliyev küçəsindəki birtərəfli girişdən icazə veriləcək.
Bu dəyişikliklərin sakinlərin yaşadığı ünvanlara daha qısa və rahat marşrutla çatmasına, həmçinin Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına imkan verəcəyi bildirilib.
Qeyd olunan küçələrdə yaşayan sakinlərdən oktyabrın 15-dən etibarən İçərişəhər qoruq ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.
Yeni hərəkət sxeminin qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişini daha rahat və təhlükəsiz etməsi, Qoşa Qala meydanında isə tarixi mühitə uyğun geniş və təhlükəsiz piyada məkanının yaradılması məqsədi daşıdığı qeyd olunub.
