KOBİA və AZPROMO-nun funksiyalarını birləşdirən yeni agentlik fəaliyyətə başlayıb

KOBİA və AZPROMO-nun funksiyalarını birləşdirən yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb.

Xəbəraxını xəbər verir ki, yeni agentliyin yaradılması sahibkarlığın inkişafı, investisiyaların cəlb olunması və qeyri-neft ixracının təşviqi istiqamətində dövlət siyasətinin daha çevik və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə xidmət edən yeni institusional mərhələ kimi qiymətləndirilir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri özəl sektorun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanın investisiya cəlbediciliyinin artırılması və qeyri-neft ixracının genişləndirilməsi olub.

Yeni agentliyin yaradılması da bu strateji kursun davamı olaraq sahibkarlar, investorlar və ixracatçılarla işin vahid və daha səmərəli institusional mexanizm çərçivəsində təşkilinə imkan verəcək.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının qorunmasında iştirak və dövlət qurumları ilə biznes arasında əlaqələndirmənin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

Bu funksiyaların vahid qurumda cəmləşdirilməsi sahibkarların dövlət dəstəyi mexanizmlərinə çıxışının sadələşdirilməsinə, investorlara göstərilən xidmətlərin əlaqələndirilməsinə, yeni investisiya layihələrinin təşviqinə və Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, yeni institusional mexanizmin ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.

Yeni agentliyin fəaliyyətə başlaması ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyət müddəti başa çatıb və onun müvafiq funksiya və səlahiyyətləri yeni agentliyə keçib.

Beləliklə, KOBİA-nın 8 illik fəaliyyəti ərzində formalaşdırdığı sahibkarlara dəstək infrastrukturu və mexanizmləri yeni institusional formatda davam etdiriləcək.

KOBİA-nın fəaliyyətinin başa çatması ilə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun da qurumda rəhbər vəzifəsinin səlahiyyət müddəti başa çatıb.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) da səlahiyyətlərini həyata keçirəcək yeni qurum sahibkarlığın inkişafı, investisiyaların və ixracın təşviqi arasında daha sıx əlaqənin yaradılmasına xidmət edəcək.

Yeni agentliyin fəaliyyəti, həmçinin özəl sektorun iqtisadiyyatda rolunun genişləndirilməsinə və Azərbaycanın regional investisiya və biznes mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə yönələcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir