Türkiyədə avtomobillərdən milyonlarla avro və dollar tapıldı

Türkiyədə avtomobillərdən milyonlarla avro və dollar tapıldı

Türkiyədə “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanla bağlı Ankara Cumhuriyyət Baş Prokurorluğunun apardığı ikinci istintaq çərçivəsində İstanbulda əməliyyat keçirilib.

Xəbəraxını.com yerli mediaya istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunun Maslak ərazisində keçirilən axtarışlar zamanı avtomobillərdən ümumilikdə 16 milyon 440 min avro və 700 min ABŞ dolları nağd pul aşkarlanıb. Valyutanın ümumi dəyərinin təxminən 934 milyon türk lirəsi olduğu bildirilib.

Əməliyyat Ankara Kaçakçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində təşkil olunub.

Araşdırma zamanı Tançalana məxsus külli miqdarda pulun İstanbulun Sarıyer rayonunun Maslak məhəlləsində yerləşən avtomobillərdə saxlanıldığı müəyyənləşdirilib. Sentyabrın 26-da saat 02:00 radələrində keçirilən əməliyyat zamanı həmin nəqliyyat vasitələrində axtarış aparılıb.

Avtomobillərdən aşkarlanan pullar:

  • 20 min ədəd 500 avroluq əskinas – 10 milyon avro;
  • 29 min 300 ədəd 200 avroluq əskinas – 5 milyon 860 min avro;
  • 3 min 200 ədəd 100 avroluq əskinas – 320 min avro;
  • 5 min 200 ədəd 50 avroluq əskinas – 260 min avro;
  • 7 min ədəd 100 dollarlıq əskinas – 700 min ABŞ dolları.

Beləliklə, axtarışlar nəticəsində ümumilikdə 57 min 700 ədəd avro əskinası olmaqla 16 milyon 440 min avro (31 milyon 779 min 876 manat), həmçinin 7 min ədəd dollar əskinası olmaqla 700 min ABŞ dolları (1 milyon 190 min manat) aşkarlanıb.

Əməliyyat zamanı cinayətdə istifadə edildiyi ehtimal olunan iki avtomobil də müsadirə edilib. Bir şübhəli şəxs saxlanılıb və onunla bağlı hüquqi prosedurlara başlanılıb.

Hazırda istintaq çərçivəsində aşkarlanan külli miqdarda nağd vəsaitin mənbəyi, hansı maliyyə əməliyyatları nəticəsində əldə edildiyi və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ilə əlaqəsinin olub-olmaması araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir