Artıq xəstəxana və qocalar evlərində də robotlardan istifadə ediləcək.
Xəbəraxını.com xəbər verir ki, bu yenilik Fransada sınaq olunmağa başlayıb.
Belə ki, robotların xəstəxana və qocalar evlərində istifadə edilməsində məqsəd Alzheimer və digər neyrodegenerativ xəstəlikləri olan insanlara dialoq yolu ilə dəstək olmaqdır.
Bu robotların adları “NAO”, “Paro” və “Miroki”dir.
Hazırda Parisdəki Broca Xəstəxanasında Alzheimer xəstəliyi olan yaşlılarla dialoq aparan “NAO” robotunun onların yadına atalar sözlərini salmağa çalışması diqqət çəkib:
“İndi sizə bir atalar sözünün əvvəlini deyəcəyəm, siz də onun necə bitdiyini xatırlamağa çalışın” – deyə robot onlara müraciətdə bildirib.
“Paro” isə xəstənin hərəkətlərinə və səslərinə cavab verərək terapevtik rahatlıq yaradır.
Məlumata görə, bəzi xəstələr televiziyada gördüklərini reallıqda da da şahid olduqları üçün robotlarla ünsiyyətdən heyrətlənib, bəziləri isə bu üsulla ünsiyyəti qəti şəkildə rədd ediblər.
Xəstəxananın 72 yaşlı pasiyenti Mişel bu təcrübənin qeyri-adi olduğunu, amma narahat olmadığını qeyd edib:
“Xeyr, narahat deyiləm, amma yenə də üz-üzə ünsiyyətə üstünlük verirəm”.
Qeyd edək ki, alimlər bu sınaqlarla cihazların xəstələrə müxtəlif terapiya növlərində kömək edib-etmədiyini araşdırırlar.
