ABŞ Prezidenti Donald Trampın administrasiyası “TRUMP TV: The Essentials Station” adlı 24 saatlıq yayım platformasını istifadəyə verib. Yayım Ağ Evin rəsmi “YouTube” kanalı və internet səhifəsi vasitəsilə həyata keçirilir.
Platformada administrasiyanın əvvəlki çıxışları, əsas açıqlamaları və müxtəlif tədbirlərdən görüntülər yayımlanır. İlk yayımlanan materiallar arasında Trampın iyul ayında ABŞ-ın Mount Rushmore ərazisində etdiyi çıxış da olub.
ABŞ Prezidentinin administrasiyasının rəsmisi Kaelan Dorr bildirib ki, “Trump TV” administrasiyanın mühüm məqamlarını və tədbirlərini “senzurasız” şəkildə təqdim edən 24 saatlıq yayım olacaq. Onun sözlərinə görə, bəzi hallarda administrasiyanın fəaliyyətinə dair məlumatlar mediada qeyri-dəqiq təqdim edilib və ya ümumiyyətlə işıqlandırılmayıb.
“Trump TV”nin fəaliyyətə başlaması Ağ Ev ilə bəzi media qurumları arasında yaranmış mübahisə fonunda baş verib. CNN, MS NOW və “Politico”nun Ağ Evə girişinin məhdudlaşdırılmasından sonra həmin media qurumları administrasiyaya qarşı məhkəməyə müraciət ediblər. Digər böyük televiziya şəbəkələri isə Ağ Evdəki televiziya hovuzunun fəaliyyətini müvəqqəti dayandırıblar.
