Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericilikdə nəzərdə tutulan prosessual hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham olunur.
Cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb. İşə hakimlər Murad Aslanov, Firdovsi Əliyev və Namiq Kərimovdan ibarət məhkəmə heyəti tərəfindən baxılır.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanıb. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onların cinayət işi ayrıca icraata götürülüb.
Ramiz Mehdiyev və Eldar Əmirov barəsində irəli sürülən ittihamlar məhkəmə tərəfindən hələ mahiyyəti üzrə qiymətləndirilməyib; təqsirləndirilən şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər.
