İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlama verib.
Diplomat sentyabrın 17-də TRIPP layihəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı Ermənistanın tranzit və iqtisadi potensialının artırılmasının İranın maraqlarına uyğun olduğunu bildirib.
Şirqolaminin sözlərinə görə, Tehran “Zəngəzur dəhlizi” adlandırılan layihəyə qarşıdır və regionda həyata keçiriləcək alternativ nəqliyyat layihələri çərçivəsində Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunmasını vacib hesab edir.
Səfir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə yanaşı, Naxçıvan vasitəsilə Ermənistan və İran arasında bağlantının təmin edilməsinin də vacib olduğunu qeyd edib.
Şirqolami bildirib ki, Azərbaycan Ermənistanla İran arasında Naxçıvan üzərindən dəmir yolu əlaqəsinin yaradılmasına şərait yaratmalıdır.
Diplomat Arazdəyən-Culfa dəmir yolu xəttinin yaradılmasının Ermənistanın tranzit imkanlarını genişləndirə biləcəyini də vurğulayıb. Onun fikrincə, belə bir marşrut Ermənistanın Körfəz–Qara dəniz nəqliyyat bağlantısında mühüm tranzit qovşağına çevrilməsinə imkan verə bilər.
Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Ermənistan tərəfi layihənin ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçiriləcəyini bildirir.
