“Kəpəz” akademiyasının yetirməsi olan 15 yaşlı qapıçı Əlisahib Əliyevlə peşəkar müqavilə imzalanıb.
Klubdan bildirilib ki, Əlisahib bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komandanın heyətində davam etdirəcək.
Hazırda “Kəpəz”in U-19 komandasının əsas qapıçısı olan Əlisahib peşəkar müqavilə imzalaması ilə Əvəzedicilər Liqası və Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ əldə edib.
Qeyd olunub ki, “sarı-göylər”in tarixində yeniyetmə futbolçu ilə sonuncu belə müqavilə 2018-ci ildə bağlanıb. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə klub tarixində peşəkar müqaviləyə imza atan ən gənc qapıçı olub.
5 yaşından futbolla məşğul olan Əlisahib Əliyev klubun rəsmi saytına açıqlamasında müqavilə ilə bağlı təəssüratlarını bölüşüb:
“‘Kəpəz’lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib etimadı doğrultmağa çalışacağam. Məqsədim ‘Kəpəz’in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır.
Gələcəkdə Avropanın ‘Top-5’ çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub ‘Real Madrid’dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.
