Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşını tamamlamamış şəxsə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Kərim Kərimovun (şərti ad və soyad) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəməyə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb və hökm elan edilib.
Hökmə əsasən, Kərim Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1997-ci il təvəllüdlü Kərim Kərimov 14 yaşına çatmış, lakin 16 yaşdan aşağı olan 2010-cu il təvəllüdlü S.S.-ni qaçırıb.
Məlumata əsasən, hadisə 2026-cı il yanvarın 31-də saat 09:00 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş verib. Kərim Kərimov “Snapchat” sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-ni onun istəyinə əsasən apararaq əmisinin evinə yerləşdirib.
Kərim Kərimov məhkəmədə verdiyi ifadədə S.S.-nin anasının xahişi ilə onu geri, evlərinə qaytardığını bildirib. O, həmçinin S.S. barədə öz valideynlərinə məlumat verdiyini, lakin onların bu münasibətə razı olmadıqlarını deyib. Kərim Kərimov valideynlərinin ona ilk nikahından hələ boşanmadığını bildirdiklərini qeyd edib.
Zərərçəkmiş S.S. isə məhkəmədə bildirib ki, Kərim Kərimovla 2025-ci il dekabrın 12-də sosial şəbəkə vasitəsilə tanış olub.
Onun sözlərinə görə, tanışlıqları zamanı Kərim özünü subay kimi təqdim edib. Bir müddət sonra isə evli olduğunu və boşanmaq üzrə olduğunu bildirib. S.S. Kərimin evli olduğunu öyrəndikdən sonra münasibəti bitirmək istədiyini, lakin Kərimin ondan ayrılmamasını xahiş etdiyini söyləyib.
