Azərbaycanda 2027-ci ildən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə artımların olması gözlənilir.
İqtisadçı Xalid Kərimli bildirib ki, xüsusilə minimum əməkhaqqının artırılması dövlət sektorunda vahid tarif cədvəli üzrə maaş alanların gəlirlərinə, eləcə də özəl sektorda əməkhaqlarına təsir göstərə bilər.
Onun sözlərinə görə, minimum əməkhaqqının növbəti il yanvarın 1-dən qüvvəyə minməsi nəzərə alınarsa, dövlət sektorunda 14 bəndlik tarif cədvəli əsasında əməkhaqqı alanlar üçün də artım baş verə bilər.
İqtisadçı hesab edir ki, minimum əməkhaqqının artırılması məsələsinə yenidən baxılacaq və məbləğin təxminən 10-15 faiz artırılması mümkündür. O qeyd edib ki, minimum əməkhaqqına sonuncu dəfə 2025-ci il yanvarın 1-də dəyişiklik edilib. Bu ilin fevralında qəbul edilən qanuna əsasən isə minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılması nəzərdə tutulub.
Xalid Kərimli həmçinin pensiyaların indeksasiya yolu ilə artırıldığını bildirib. Onun sözlərinə görə, yaşayış minimumunun yüksəldilməsi də ünvanlı sosial yardımın artmasına səbəb ola bilər.
İqtisadçı qeyd edib ki, minimum istehlak səbətinin dəyərinin inflyasiya fonunda artacağı gözlənilir və yaşayış minimumunun da ən azı inflyasiya səviyyəsində yüksəldilməsi mümkündür. Onun fikrincə, bu dəyişikliklərin 2027-ci ilin yanvarından sonra tətbiq olunması gözlənilir.
