Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib.
Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel “X” hesabında məlumat paylaşıb.
Baş nazir bildirib ki, axtarışlar zamanı daha bir nəfərin cəsədi aşkarlanıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 13-ə çatıb, 15 nəfərin taleyi isə hələlik məlum deyil və onlar itkin hesab olunur.
Ünal Üstel qeyd edib ki, axtarış-xilasetmə əməliyyatlarına özəl şirkətlər də cəlb ediləcək. Bununla yanaşı, məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparılacaq.
Xatırladaq ki, hadisə avqustun 30-da Şimali Kiprin Girne sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində baş verib.
