Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar və Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan yeni hərbi vasitələr barədə məlumat verilib.
Bildirilib ki, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə istehsal olunan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələri müxtəlif təyinatlara və taktiki-texniki xüsusiyyətlərə malikdir.
Daha sonra dövlət başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində istehsal olunan insansız dəniz vasitələrinin praktiki sınaqları da keçirilib.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
