ABŞ-də Ağ Ev lideri Donald Trampın təsvirinin yer aldığı 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb.
Bu barədə ABŞ Zərbxanası məlumat yayıb.
Sikkələri qurumun rəsmi internet saytından da əldə etmək mümkündür. 100 ədəd sikkədən ibarət dəstin qiyməti 154 dollar təşkil edir.
Sikkənin ön hissəsində Donald Trampın təsviri ilə yanaşı, “LIBERTY, IN GOD WE TRUST” və “1776-2026” yazıları əks olunub.
Arxa tərəfdə isə ABŞ prezidentinin möhürü – zeytun budağı və oxlar tutan qartal təsvir edilib. Qartalın üzərində yerləşən qalxanda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş “250” rəqəmi qeyd olunub.
Sikkənin arxa hissəsində, həmçinin “UNITED STATES OF AMERICA”, “ONE DOLLAR” və “E PLURIBUS UNUM” yazıları yer alıb.
Qeyd edək ki, Donald Trampın təsvirinin əks olunduğu sikkələrin buraxılacağı ilə bağlı ilk məlumatı iyulun 15-də ABŞ maliyyə naziri Skott Bessent açıqlamışdı.
