Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlik intensiv yağış, güclü külək və şimşək çaxması ilə müşayiət olunan hava şəraitinin sabahadək davam edəcəyinin proqnozlaşdırıldığını bildirib.
FHN əhaliyə intensiv yağıntılar zamanı bəzi çaylarda yarana biləcək sel və daşqın, eləcə də subasma təhlükəsindən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib. Təhlükə yaranacağı təqdirdə dərhal yaxınlıqdakı yüksək ərazilərə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək çağırışı edilib.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq dayanmaq, elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında daldalanmamaq tövsiyə olunur.
Nazirlik kiçikhəcmli gəmi istifadəçilərinə də hava şəraiti ilə əlaqədar dənizə çıxmamağı tövsiyə edib.
İldırım çaxarkən isə elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmaqdan çəkinilməsi, açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durulması tövsiyə edilir. Hündür ağacların altında daldalanmaq da təhlükəlidir.
Avtomobildə olan şəxslərə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım çaxması başa çatana qədər gözləmək məsləhət görülüb.
FHN təhlükə zamanı 112 qaynar xəttinə zəng etməyə çağırıb.
