63 yaşında nənə, 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – Maraqlı hekayə

63 yaşında nənə, 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – Maraqlı hekayə

Naxçıvanda 63 yaşlı nənə ilə 16 yaşlı nəvəsi eyni peşə liseyində, fərqli ixtisaslar üzrə təhsil alırlar. Nənə aşpazlıq sənətini öyrənir, nəvəsi isə elektrik sahəsində peşəkarlaşmağa çalışır.

Xəbəraxını  “Azərbaycan müəllimi”nə istinadən məlumat yayır ki,  2010-cu il təvəllüdlü İlqar İsmayılov Şərur Peşə Liseyində “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisası üzrə oxuyur. O, bu peşəyə marağının ailəsindən qaynaqlandığını deyib.

“Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim. Nənəmlə bir yerdə təhsil almağıma çox şad oldum. Bir evdən iki nəfərin, həm nənəmin, həm də mənim eyni liseyə getməyimiz çox gözəl hissdir”, – deyə İlqar bildirib.

Gəncin sözlərinə görə, onlar evdə tez-tez dərsləri və ixtisasları barədə söhbət edirlər. Nənəsi bəzən dərsə getmək istəmədiyi vaxtlarda ona ruh yüksəkliyi verir və təhsilini davam etdirməyə həvəsləndirir.

Üç övladı və altı nəvəsi olan 1963-cü il təvəllüdlü Elza İsmayılova isə liseydə aşpazlıq ixtisasına yiyələnir. O, yemək bişirməyə əvvəldən marağı olduğunu, peşə təhsili aldıqdan sonra bu sahənin daha çox qayda və bilik tələb etdiyini anladığını söyləyib.

Elza İsmayılova bildirib ki, dərslərdə qazandığı biliklər ona evdə də kömək edir. O, gələcəkdə öyrəndiklərini iş həyatında tətbiq etmək ehtimalını da nəzərdən keçirir.

“Bu yaşımda da öyrənmək istəyirəm. Nəvəmlə eyni liseydə oxumaq çox yaxşıdır. Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq”, – deyə o qeyd edib.

Elza İsmayılova yaşıdlarını da peşə öyrənməkdən çəkinməməyə çağırıb. Onun fikrincə, təhsil almaq və yeni bacarıqlar qazanmaq üçün yaş maneə deyil.

Bu nənə-nəvə hekayəsi göstərir ki, öyrənmək həvəsi insanı istənilən yaşda yeni məqsədlərə doğru apara bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir