3 nəfərin öldüyü dəhşətli yanğın: Klinika rəhbəri məhkəmədə ilk dəfə danışdı

3 nəfərin öldüyü dəhşətli yanğın: Klinika rəhbəri məhkəmədə ilk dəfə danışdı

Xəbəraxını xəbər verir ki, 2025-ci ilin noyabrında Bakının Yasamal rayonunda üç nəfərin ölümü və 25 şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda “TAXES GROUP” MMC-nin qanuni təmsilçisi və “Loft Klinika”nın direktoru Bəhruz Paşayev sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs çıxışı zamanı hadisə nəticəsində zərər çəkənlərdən və həyatını itirən şəxslərin yaxınlarından üzr istəyib.

O, məhkəmədə bildirib ki, klinikanın yerləşdiyi obyekti icarəyə götürüb və aylıq 25 min manat ödəniş edib. Paşayev elektrik xətlərinin çəkilməsi və qoşulması işlərini özünün təşkil etdiyini, həmin vaxt istifadə olunan avadanlıqların saz vəziyyətdə olduğunu düşündüyünü deyib.

Onun sözlərinə görə, elektrikli avtomobillər üçün enerji bloku quraşdırmaq məqsədilə sosial şəbəkədə tapdığı şirkətlə əlaqə saxlayıb. Obyektə baxış keçirildikdən sonra sistemin quraşdırılmasına qərar verilib.

Paşayev elektrik sisteminin qoşulmasından əvvəl “Azərişıq”a rəsmi müraciət edilmədiyini də etiraf edib. O bildirib ki, şirkət tərəfindən yalnız elektrik gücünü göstərən sənəd tələb olunub və həmin sənəd təqdim edildikdən sonra qoşulma həyata keçirilib.

Təqsirləndirilən şəxs hadisə zamanı Sumqayıtda olduğunu, yanğın barədə məlumat aldıqdan sonra dərhal Bakıya gəldiyini və insanlara kömək etdiyini söyləyib.

Məhkəmədə zərərçəkənlər tərəfindən də təqsirləndirilən şəxsə suallar və ittihamlar səsləndirilib. Ölən Könül Vəlibəyovanın anası qızının ölümündə Paşayevi ittiham edib. O isə heç kimi öldürmədiyini bildirib.

Məhkəmə zamanı hakim də təqsirləndirilən şəxsə obyektin idarə olunması, elektrik sisteminin quraşdırılması və maliyyə əməliyyatları ilə bağlı suallar ünvanlayıb.

Xatırladaq ki, 21 noyabr 2025-ci ildə Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində üç sakin həyatını itirib, 25 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilib.

İttihama görə, Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına cavabdeh şəxs kimi həmin tələbləri pozaraq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Növbəti məhkəmə iclasının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir