13 milyon dollarlıq şantaj işi məhkəmədə: Məşhur iş adamını hədəf alan şəxslərin tələbləri rədd edildi

13 milyon dollarlıq şantaj işi məhkəmədə: Məşhur iş adamını hədəf alan şəxslərin tələbləri rədd edildi

Rusiyada yaşayan, “Peton Holding” şirkətinin həmtəsisçilərindən olan Emin Axundovu şantaj edərək milyonlarla dollar və əmlakını ələ keçirməkdə ittiham olunan iki şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə Hikmət Vəliyev və Ramil Tağıyev təqsirləndirilirlər. Onların iş adamından 3 milyon dollar pul və 10 milyon dollar dəyərində əmlak almaq məqsədilə şantaj etdikləri iddia olunur.

Məhkəmə Hikmət Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirini, Ramil Tağıyev barəsində isə həbs olmayan qətimkan tədbirini dəyişdirməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Təqsirləndirilən şəxslərin vəkilləri işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Zərərçəkənin vəkili isə Ramil Tağıyev barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Lakin məhkəmə bu tələblərin heç birini təmin etməyib.

Məlumata görə, Hikmət Vəliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində xaricdə saxlanılaraq Azərbaycana gətirilib.

Hikmət Vəliyev Cinayət Məcəlləsinin 182.4-cü maddəsi (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə), Ramil Tağıyev isə 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur.

İş üzrə növbəti məhkəmə iclası oktyabrın 29-na təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir