Üç və daha çox uşağı olan ailələrə yeni güzəştlər təklif edilir

Üç və daha çox uşağı olan ailələrə yeni güzəştlər təklif edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması təklif edilib.

Baku.ws-ə istinadən xəbər veririk ki, bunu komitənin üzvü, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi nəzərdə tutulur.

Deputat bildirib ki, hazırda “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər mövcuddur. Belə ailələrdə anaların, bəzi hallarda isə ataların pensiya yaşı beş il azaldılaraq 60 yaş müəyyən edilir.

Bundan əlavə, sosial müavinətlərlə bağlı qanunvericiliyə əsasən, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsi hesabına sosial müavinət ödənilir. Hazırda təxminən 14 min ailə çoxuşaqlı ailə kimi bu müavinətdən yararlanır. Ailələrə uşaqların sayından asılı olaraq hər uşaq üçün aylıq 140 manat ödənilir.

Vüqar Bayramovun sözlərinə görə, təklif mövcud meyarların mərhələli şəkildə aşağı salınmasını nəzərdə tutur. Sosial müavinətin təyin edilməsi üçün altı uşaq meyarının üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaq meyarının üç uşağa endirilməsi təklif olunur.

Deputat qeyd edib ki, proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələdə beş uşağı olan ailələrin, daha sonra isə dörd və üç uşaqlı ailələrin sosial müavinət sisteminə daxil edilməsi nəzərdə tutula bilər.

Hesablamalara əsasən, üç və daha çox uşağı olan ailələrin də sistemə əlavə edilməsi 250 mindən çox ailənin dövlət büdcəsindən aylıq sosial müavinət almaq imkanını yarada bilər. Bu halda ailələrdəki uşaqların sayına uyğun olaraq hər uşaq üçün aylıq sosial dəstək göstəriləcək.

Təklif pensiya yaşına tətbiq olunan güzəştlərin də genişləndirilməsini nəzərdə tutur. Belə ki, üç uşağı olan şəxslərin pensiya yaşının üç il, dörd uşağı olanların dörd il, beş və daha çox uşağı olanların isə beş il azaldılması məsələsinə baxılması təklif edilir.

Vüqar Bayramov bildirib ki, təklif artıq aidiyyəti üzrə təqdim olunub. Dövlət qurumları tərəfindən maliyyə imkanları və bunun yarada biləcəyi fiskal yük qiymətləndirildikdən sonra məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir