Qırğızıstan Prezidenti Sadır Japarov Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və yeni perspektivlər müzakirə olunub.
Xəbəraxını xəbər verir ki, müzakirələr zamanı ticarət-iqtisadi əlaqələr, investisiyalar, energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məsələlərinə diqqət yetirilib.
Sadır Japarov Qırğızıstanla Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayıb. O, əldə edilmiş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Sahibə Qafarova isə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğızıstan Prezidentinə çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
