“Sabah” FK-dan böyük təşəbbüs: Uşaq futboluna 10 milyon manat ayrılır

“Sabah” FK-dan böyük təşəbbüs: Uşaq futboluna 10 milyon manat ayrılır

“Sabah” Futbol Klubu Azərbaycanda uşaq futbolunun inkişafına 10 milyon manat sərmayə yatıracaq.

Klubun futbolsevərlərə müraciətində bildirilib ki, bu vəsait “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramının yaradılmasına yönəldiləcək.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

Klub həmin vəsaitə əlavə olaraq öz büdcəsindən daha 5 milyon manat ayırmaq qərarına gəlib. Beləliklə, proqramın ilkin kapitalı ümumilikdə 10 milyon manat təşkil edəcək.

“Sabah” bildirir ki, əsas məqsəd vəsaiti xərcləmək deyil, qoruyaraq artırmaqdır. Kapital peşəkar şəkildə idarə olunacaq və əldə edilən gəlir uzun illər ərzində uşaq futbolunun inkişafına yönəldiləcək.

Bundan əlavə, bu il UEFA Çempionlar Liqasında keçiriləcək oyunlara bilet satışından əldə olunan gəlirin müəyyən hissəsinin də proqrama ayrılması nəzərdə tutulur.

Layihə çərçivəsində futbol infrastrukturunun yaxşılaşdırılması, istedadlı uşaqların aşkarlanması və hazırlanması, müasir məşq metodlarının tətbiqi, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərinin gücləndirilməsi planlaşdırılır.

Klub ölkənin müxtəlif bölgələrində istedadların aşkarlanması sistemini genişləndirməyi və ailənin maddi imkanlarından asılı olmayaraq perspektivli uşaqlar üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

Uzunmüddətli mərhələdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin akademiyaları, futbol məktəbləri və klubları ilə əməkdaşlığı genişləndirərək akademiyasını regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirmək niyyətindədir.

Klub həmçinin ölkə şirkətlərini və beynəlxalq tərəfdaşları “Bünövrə Tərəfdaşı” formatında təşəbbüsə qoşulmağa dəvət edib.

“Sabah Football Academy Future Talents” proqramının idarəetmə modeli, fəaliyyət prinsipləri və tərəfdaşlıq mexanizmləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir