Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.
“Qazprom Ermənistan” QSC-nin məlumatına görə, qaz tədarükünün dayandırılması Rusiya ərazisində aparılacaq planlı profilaktik və təmir işləri ilə bağlıdır.
Bildirilib ki, Rusiya Federasiyası ərazisindən keçən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində kompleks planlı profilaktik və təmir işlərinin aparılması səbəbindən sentyabrın 15-dən 25-dək həmin kəmərlə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, bu müddət ərzində Ermənistanda istehlakçıların qazla fasiləsiz və etibarlı təminatı daxili ehtiyatlar, həmçinin İrandan tədarük ediləcək əlavə həcmli təbii qaz hesabına həyata keçiriləcək.
