Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması məsələsi müzakirəyə çıxarılıb. Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Akademiyadan bildirilib ki, 23 noyabr 2023-cü il tarixində təsdiqlənmiş Əsasnamənin 3.6-cı bəndinə əsasən, ölkənin və AMEA-nın adına xələl gətirən hərəkətlərə yol verən, yaxud üzərinə düşən vəzifələri yerinə yetirməyən akademiya üzvünün üzvlükdən çıxarılması məsələsi Rəyasət Heyətində müzakirə olunur. Müvafiq qərar qəbul edildikdən sonra məsələ təsdiq üçün AMEA-nın Ümumi Yığıncağına təqdim edilir.
AMEA prezidenti, akademik İsa Həbibbəyli iclasda çıxış edərək Ramiz Mehdiyevin məhkəmə hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edildiyini xatırladıb. O, sabiq məmurun əməllərinin dövlətçiliyə və akademiya üzvünün adına zidd olduğunu bildirib.
Rəyasət Heyətinin üzvləri də çıxışlarında Ramiz Mehdiyevin cinayət əməllərini pisləyərək onun akademiya üzvlüyündə qalmasının yolverilməz olduğunu vurğulayıblar.
Müzakirələrdən sonra Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. Bununla belə, qərarın qüvvəyə minməsi üçün AMEA-nın Ümumi Yığıncağı tərəfindən təsdiqlənməsi tələb olunur.
AMEA Rəyasət Heyəti Ümumi Yığıncağın 30 oktyabr 2026-cı il tarixində çağırılması barədə də qərar qəbul edib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiqinə qərar verilib. Həmçinin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi və əmlakının dövlət nəfinə müsadirə olunması barədə qərarlar qəbul edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərlə bağlı maddələri üzrə ittihamlar irəli sürülüb.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
