İlham Əliyev ŞƏT tədbirlərində iştirak etmək üçün Qırğızıstana gedib – Detallar

İlham Əliyev ŞƏT tədbirlərində iştirak etmək üçün Qırğızıstana gedib – Detallar

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəlib.

“Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın inkişaf etdirilməsi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Bakı ilə təşkilat arasında münasibətlərin dinamik inkişafı Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasət kursunun tərkib hissəsi kimi qiymətləndirilir.

Azərbaycanın ŞƏT-lə institusional münasibətlərinin əsası 2015-ci ildə qoyulub. Həmin il ölkəyə “dialoq üzrə tərəfdaş” statusunun verilməsi barədə qərar qəbul edilib. 2016-cı ildə isə Pekində bu statusu rəsmiləşdirən Memorandum imzalanıb.

Azərbaycanın ŞƏT çərçivəsində iştirakı sonrakı illərdə daha da genişlənib. Prezident İlham Əliyev 2022-ci ildə Səmərqənddə keçirilən ŞƏT sammitində fəxri qonaq qismində, 2024-cü ildə isə Astanada təşkilatın Zirvə toplantısında iştirak edib. 2024-cü ildə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması Bakı-Pekin münasibətlərində yeni mərhələnin əsasını qoyub.

2025-ci il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyev də çıxış edib.

Hazırda ŞƏT 10 tamhüquqlu üzvü – Çin, Rusiya, Hindistan, Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı birləşdirir. Azərbaycan isə təşkilatda “dialoq üzrə tərəfdaş” statusuna malik ölkələr sırasındadır.

ŞƏT-in genişlənməsi və Avrasiya məkanında artan iqtisadi, siyasi və nəqliyyat-logistika potensialı təşkilatın qlobal proseslərdəki rolunu da artırır. Bu baxımdan Azərbaycanın ŞƏT-lə əməkdaşlığı ölkənin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir