Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına layihə barədə məlumat verib. Bildirilib ki, ümumilikdə 20 hektar ərazidə həyata keçiriləcək layihənin ilk mərhələsi 5 hektardan çox sahəni və 20 min kvadratmetr tikili ərazisini əhatə edir. Tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqəli 4 korpusdan ibarət kompleks yaradılıb.
Şəhərcikdə 5 restoran, market, tədbirlər zalı, basketbol və futbol meydançaları, 2 padel kortu, istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri yaradılıb.
Burada Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər üzrə təhsil alan 1500-dən çox tələbənin tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlamasından sonra gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.
“SABAH.city”də ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də fəaliyyət göstərəcək. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezidentə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verib.
ASAN Süni İntellekt Mərkəzi süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada birləşdirmək məqsədilə yaradılıb. İndiyədək 50 süni intellekt həlli təqdim olunub. Mərkəz 8 yerli universitet, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də Sinxua, Oksford və Boğaziçi universitetləri ilə əməkdaşlıq edir.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb. “Süni İntellekt Assistent” platforması isə “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatların sürətli və sadə şəkildə əldə edilməsinə, təhlil və proqnozlaşdırılmasına imkan yaradır.
İnnovasiya şəhərciyində üç ali təhsil müəssisəsi tərəfindən yaradılmış 13 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərəcək. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər istiqamətlərdə tədqiqatlar aparılacaq.
Burada 12 startapın yerləşdiyi kovorkinq zonası, texnologiya şirkətləri və korporativ tədqiqat mərkəzləri üçün 22 ofis sahəsi də yaradılıb.
Layihənin ilk mərhələsinə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya şirkəti və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.
“SABAH.city” layihəsinin əsas məqsədi innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda birləşdirərək onların əməkdaşlığını gücləndirməkdir. Layihənin uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin inkişafına töhfə verməsi nəzərdə tutulur.
