Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlət başçısını energetika naziri Pərviz Şahbazov, Çinin Azərbaycandakı səfiri Lu Mey və “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan qarşılayıblar.
Prezidentə “Qobustan” Günəş Elektrik Stansiyası, “Universal Energy” şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Şanxayda yaradılan şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir, həmçinin Çin, Qazaxıstan və Özbəkistanda bərpaolunan enerji layihələri həyata keçirir.
Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilib. Ərazi hərraca çıxarılıb və “Universal International Holdings Limited” 2024-cü ildə qalib olub.
“Qobustan” Günəş Elektrik Stansiyası Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk, “Universal Energy”nin isə ölkəmizdə icra etdiyi ilk layihədir. Stansiyada Günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tamamlanıb.
Stansiyanın istismara verilməsi ilə hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacağı gözlənilir. Bu, ildə 45 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin geniş tətbiqi enerji siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmizdə yaşıl enerjinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. İqtisadi potensial 27 QVt təşkil edir.
“Qobustan” stansiyasının istismara verilməsi ilə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a, stansiyaların sayı isə 85-ə çatacaq. Bərpaolunan enerji ölkənin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edəcək.
2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması planlaşdırılır. Bu layihələrin elektrik enerjisi ilə təminata töhfə verməklə yanaşı, təbii qaza qənaət və karbon emissiyalarının azaldılmasına imkan yaradacağı bildirilir.
