Gədəbəy rayonunda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 1992-ci il mayın 31-də Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Şahbaz Məmmədovun meyiti aşkarlanıb. Faktla bağlı həmin vaxt rayon prokurorluğunda cinayət işi başlanıb, lakin cinayəti törədən şəxsin müəyyənləşdirilməsi mümkün olmadığından iş üzrə icraat 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının və əməliyyat-qeydiyyat işinin yenidən araşdırılması nəticəsində istintaqın davam etdirilməsinə zərurət yaranıb. Bu səbəbdən avqustun 28-də iş üzrə icraat təzələnib.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Şahbaz Məmmədovun oğlu, 1969-cu il təvəllüdlü Polad Məmmədov 1992-ci ilin mayında atasını yaşadıqları evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürüb.
İstintaq zamanı P.Məmmədovun cinayəti gizlətmək məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra evlərinin yaxınlığındakı “Bəkdəmir yalı” ərazisinə apardığı müəyyənləşdirilib.
P.Məmmədov törətdiyi əməli etiraf edib və avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
