Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşdirilməsi və qalıqlarının ailələrinə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, indiyədək 267 itkin şəxsin qalıqları ailələrinə təhvil verilib.
Cari ildə 85 nəfər dəfn olunub. Onlardan 21 nəfərin dəfni avqust ayında, 64 nəfərin dəfni isə yanvar-avqust aylarında həyata keçirilib.
Məlumata əsasən, bu günədək 910 şəxsə aid insan qalıqları aşkarlanaraq ekshumasiya edilib. Onlardan 5-i avqust ayında, 79-u isə cari ilin ilk səkkiz ayında tapılıb.
DNT analizləri və məhkəmə-tibbi ekspertizalar nəticəsində 328 itkin şəxsin kimliyi müəyyənləşdirilib. Onlardan 57 nəfərin kimliyi bu ilin ilk səkkiz ayında dəqiqləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq da aşkarlanıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
