Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur. Ölkənin bəzi ərazilərinə qar yağıb, bir sıra rayonlarda isə intensiv yağıntılar qeydə alınıb.
Xəbəraxını xəbər verir ki, oktyabrın 24-ü saat 10:00-a olan məlumata əsasən, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Şahdağda və Kəlbəcərin yüksək dağlıq ərazilərində qar yağıb. Şahdağda qar örtüyünün qalınlığı 3 santimetrə çatıb.
Paytaxt Bakıda və Abşeron yarımadasında 7 millimetrədək yağıntı qeydə alınıb. Ən çox yağıntı isə Şəkinin Kişçay ərazisində və Zaqatalada müşahidə olunub. Burada yağıntının miqdarı müvafiq olaraq 47 və 44 millimetr təşkil edib. Qaxın Sarıbaş kəndində 17, Ağsuda 7, Xızı və Hacıqabulda isə 6 millimetr yağıntı qeydə alınıb.
Digər rayonlarda da yağıntının miqdarı 4 millimetrədək olub.
Bundan başqa, oktyabrın 23-də saat 23:15-də Şəkinin Oxud və Kişçay kəndlərinə dolu düşüb. Dolu dənələrinin diametrinin 5-7 millimetr olduğu bildirilib.
