Azərbaycanda bəzi kolleclər ləğv edilə bilər – universitetlərin tərkibinə veriləcək

Azərbaycanda bəzi kolleclər ləğv edilə bilər – universitetlərin tərkibinə veriləcək

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin yenidən təşkil olunması ilə bağlı iş aparılır. Plana əsasən, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə verilməsi, digərlərinin isə fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a açıqlamasında bildirib.

Komitə sədrinin sözlərinə görə, kolleclərin ixtisas istiqamətlərinə uyğun ali təhsil müəssisələrinin strukturunda fəaliyyət göstərməsi üçün müəyyən addımlar atılır. O, nümunə kimi Tibb Kollecinin Azərbaycan Tibb Universitetinin, Pedaqoji Kollecin isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində fəaliyyət göstərməsinin mümkünlüyünü qeyd edib.

Anar İsgəndərov həmçinin Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin gələcəkdə Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibinə daxil edilə biləcəyini nümunə kimi göstərib.

Komitə sədrinin sözlərinə görə, ali təhsil sistemində aparılan dəyişikliklərin əsas məqsədlərindən biri Azərbaycanın təhsil sənədlərinin beynəlxalq müstəvidə tanınması ilə bağlı mümkün problemlərin qarşısını almaqdır.

“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olsun, əlavə problemlər yaşamasın”, – deyə Anar İsgəndərov bildirib.

O əlavə edib ki, hazırda minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır və çalışır. Buna görə də təhsil sistemində həyata keçiriləcək dəyişikliklər zamanı məzunların xaricdə təhsilini davam etdirməsi və fəaliyyət göstərməsi də nəzərə alınacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir