Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə işlərin şimaldan cənuba doğru aparılması barədə razılığa gəlib.
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq.
Nazirin sözlərinə görə, delimitasiya üzrə dövlət komissiyasına Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Ermənistan tərəfdə də komissiyaya baş nazirin müavini rəhbərlik edir.
C.Bayramov qeyd edib ki, ötən müddətdə iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, həm Azərbaycanda, həm də Ermənistanda komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər qəbul edilərək təsdiqlənib.
O vurğulayıb ki, ümumi sərhədin delimitasiyasına daha çətin hesab olunan şimal istiqamətindən başlanması və işlərin cənuba doğru davam etdirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.
Nazir əlavə edib ki, yaşayış məntəqələri və digər konkret məsələlərlə bağlı detallar delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində müzakirə ediləcək. Bu məsələlərin mərhələli şəkildə həll olunması gözlənilir.
