Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin yenidən təşkili məsələsi gündəmə gəlib. Təkliflərə əsasən, bəzi kolleclərin uyğun profilli universitetlərin tərkibinə verilməsi, digərlərinin isə fəaliyyətinin dayandırılması nəzərdən keçirilir. Bu dəyişikliklərin təhsilin keyfiyyətinə, tələbələrə və müəllimlərə necə təsir göstərəcəyi isə müzakirə mövzusudur.
Xəbəraxını “Kaspi” qəzetinə istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bu istiqamətdə işlərin aparıldığını bildirib.
Səsləndirilən təkliflər arasında Tibb Kollecinin Azərbaycan Tibb Universitetinin, Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin isə Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibinə verilməsi də var.
Bəs bu addımlar təhsilin keyfiyyətinə necə təsir edəcək? Yenidən təşkil və ya bağlanma qərarları qəbul olunarsa, həmin kolleclərdə təhsil alan tələbələrin və çalışan müəllimlərin taleyi necə olacaq?
“Kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır”
F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) tabe Gənc İbtidai Sinif Müəllimləri Birliyinin təsisçisi Ülviyyə Ələkbərovanın fikrincə, kolleclərin yenidən təşkili məsələsinə yalnız müəssisələrin sayının azaldılması və xərclərin optimallaşdırılması prizmasından yanaşmaq düzgün deyil.
Onun sözlərinə görə, əsas hədəf təhsilin keyfiyyətini yüksəltmək, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlamaq və təhsil sistemi ilə əmək bazarı arasındakı əlaqəni gücləndirmək olmalıdır.
Ü.Ələkbərova hesab edir ki, kolleclərin uyğun profilli universitetlərin tərkibinə daxil edilməsi elmi, metodik və maddi-texniki imkanlardan daha səmərəli istifadə üçün şərait yarada bilər. Bununla belə, hər bir təhsil müəssisəsinin fəaliyyəti ayrıca qiymətləndirilməli, xüsusilə regionlarda kadr hazırlığında mühüm rol oynayan kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır.
Müəllim vurğulayıb ki, belə müəssisələrin bağlanması bəzi bölgələrdə təhsil imkanlarına çıxışı məhdudlaşdıra bilər. Buna görə də islahatlar zamanı müəllimlərin əmək hüquqları qorunmalı, onların təcrübəsindən səmərəli istifadə edilməli və tələbələrin təhsilini fasiləsiz davam etdirməsi təmin olunmalıdır.
“Müəssisələrin sayından çox, təhsilin keyfiyyəti vacibdir”
Salyan rayonunun Kolanı kənd ümumi orta məktəbinin müəllimi Elvin Məmmədov da hesab edir ki, kolleclərin yenidən təşkili düzgün planlaşdırılarsa, müsbət nəticələr verə bilər.
Onun fikrincə, əmək bazarında ixtisaslı kadrlara tələbatın artdığı bir vaxtda bu dəyişikliklər mütəxəssis hazırlığının keyfiyyətini yüksəldə, tədris imkanlarını genişləndirə və orta ixtisas təhsilinin nüfuzunu artıra bilər.
E.Məmmədovun sözlərinə görə, əsas diqqət təhsil müəssisələrinin sayına deyil, onların fəaliyyətinin səmərəliliyinə yönəldilməlidir. Pərakəndə şəkildə fəaliyyət göstərən çoxsaylı müəssisələr əvəzinə müasir tələblərə cavab verən, güclü tədris və maddi-texniki bazaya malik kolleclərin yaradılması daha məqsədəuyğun ola bilər.
Müəllim struktur dəyişiklikləri zamanı tələbələrin və pedaqoji heyətin hüquqlarının qorunmasını da vacib sayır. O bildirib ki, yenidən təşkil olunan kolleclərin tələbələri ixtisaslarına uyğun müəssisələrdə təhsillərini davam etdirə bilməli, müəllimlərin işlə təmin olunması üçün isə aydın və şəffaf mexanizmlər hazırlanmalıdır.
E.Məmmədovun fikrincə, islahatların məqsədi sadəcə kolleclərin sayını azaltmaq yox, daha səmərəli təhsil mühiti yaratmaq və ixtisaslı kadr hazırlığını gücləndirmək olmalıdır.
Ekspert: İxtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır
Təhsil eksperti Asif Cahangirov kolleclərin yenidən təşkili prosesini təhsilin keyfiyyətinin artırılması, maliyyə resurslarından səmərəli istifadə və əmək bazarının ehtiyaclarına uyğun mütəxəssis hazırlığı baxımından məqsədəuyğun hesab edir.
Ekspert xatırladıb ki, beynəlxalq təcrübədə kolleclərin müxtəlif fəaliyyət modelləri mövcuddur. Məsələn, ABŞ-da bakalavriat səviyyəsində təhsil verən kolleclərlə yanaşı, universitetlərin tərkibində fəaliyyət göstərən kolleclər də var. Bəzi ölkələrdə isə təhsil müəssisələri, biznes birlikləri və bələdiyyələr əmək bazarında ehtiyac duyulan peşələr üzrə kadr hazırlamaq üçün kolleclər yaradırlar.
A.Cahangirovun fikrincə, kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi məzunların gələcəkdə ali təhsil almaq imkanlarını da genişləndirə bilər.
Ekspert hesab edir ki, kolleclərin strukturu və tədris proqramları dəyişməz qalmamalıdır. Əmək bazarındakı yeniliklərə uyğun olaraq, müəyyən ixtisaslar yenilənməli, tələbat olmayan istiqamətlər üzrə kadr hazırlığı dayandırılmalı, əvəzində aktual sahələr üzrə yeni proqramlar açılmalıdır. Bunun üçün əvvəlcədən əmək bazarının təhlili və ciddi proqnozlaşdırma aparılması vacibdir.
A.Cahangirov vurğulayıb ki, orta ixtisas təhsili üzrə ixtisaslar ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun müəyyənləşdirilməlidir. Hazırlanan mütəxəssislərə əmək bazarında tələbat yoxdursa, həmin kollecin fəaliyyətini əvvəlki formada davam etdirməsinin məqsədəuyğunluğu yenidən qiymətləndirilməlidir.
Kolleclərin bağlanması və ya yenidən təşkili zamanı müəllimlərin gələcək məşğulluğu da diqqətdə saxlanılmalıdır. Ekspertin fikrincə, ixtisaslı pedaqoqların təhsil sistemində, o cümlədən universitetlərdə və ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsi üçün imkanlar yaradıla bilər.
